DTX'anın keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri ilə bağlı cinayət işinə başlanılıb.
"Tezexeber.com"un məlumatına görə, həbs olunan şəxslərlə bağlı istintaq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.

Faktlara görə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, general-leytenant Əfqan Nağıyev şübhəli şəxs olaraq cinayət məsuliyyətinə cəlb edilib. Əfqan Nağıyev ilə birlikdə daha üç vəzifəli şəxsin saxlanıldığı bildirilir.

Aldığımız məlumatlara görə, general və əməkdaşları balıqçıların gəmi ilə qanunsuz şəkildə ov etməsinə imkan yaratmaq şübhəsi ilə tutulublar. Rəsmi açıqlamada bildirilən mülki şəxslərin də balıqçı olduqları bildirilir.

Hazırda Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq idarəsi tərəfindən birgə istintaq işləri davam etdirilir.