“Karantin rejiminin yumşalması ilə Bakı küçələrində dilənçilər yenidən çoxalıb. Dünən bir hipermarketin qarşısında idim, orada ən azı otuzdan artıq dilənçi var idi. Bu, çox acınacaqlı mənzərə idi. Ona görə də dilənçilərlə bağlı məsələ olduqca vacibdir”.
 “Tezexeber.com” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi vaxtı deyib. O bildirib ki, koronavirus dövrü yumşalan kimi dilənçilər küçələrə çıxır: “Təklif edirəm ki, dilənçilər üçün sığınacaq yaradaq. Üç dəfə onlara dövlət hesabına yemək versinlər. Dilənçilikdən imtina edənləri bu sığınacaqdan buraxmaq lazımdır. İndi hansı küçəyə gedirsən, hər yerdə dilənçiləri görürsən. Bu formada onları küçədən yığışdırmaq və islah etmək mümkündür”. O əlavə edib ki, dilənçilərin çoxluğu turzm üçün də ciddi problemdir: “Ümumiyyətlə, bu xoşagəlməz mənzərə aradan qaldırılmalıdır. Bunun üçün onlar islah olunması üçün xüsusi sığınacaqlara yerləşdirilməli və orada islah olunmalıdır”.