“Kamil Zeynallı ilə Tolikin (Tarix Əliyevin - red.) yardımsevərliyindən inanın ki, hamı danışır. Çox təqdirəlayiq addımdır. Bu, hamıya örnək olmalıdır”.
"Ölkə.Az" xəbər verir ki, bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində məşhur prodüser Təranə Səmədova deyib.
Qalmaqallı açıqlamaları ilə şou əhlinin yuxusunu ərşə çəkən Təranə tanınmışların yardım kampaniyalarından danışıb:

“Yardım edilən vaxt uşaqların üzü göstərilməməlidir. Çünki gələcəkdə onlar utana bilərlər. Çəkilən videolardan istifadə edib, onları gözümçıxdıya sala bilərlər. “Instagram”dakı bir çox xəbər səhifələrində elə videolara rast gəldim ki, yardımı qapılara qoyub, çıxıb gedirlər. Amma ailələri nümayiş etdirmirlər. Düşünürəm ki, bu, daha doğrudur”.
Müğənni İzzət Bağırovun yardım edən məşhurlar barədə söylədiyi “Heç kimin heç kimə borcu yoxdur” fikirləri ilə həmrəy olduğunu dilə gətirdi:
“İzzətin bu fikri ilə razılaşıram. Həqiqətən, heç kimin heç kimə borcu yoxdur. Yardım etmək məcburi deyil. Mənim də maddi imkanım yaxşı olsaydı, imkansızlara böyük məmnuniyyətlə əvvəlki kimi kömək edərdim. Bacardığım qədər mən də yardım etmişəm. Amma bunu gözə soxmamışam. Etdiyim yardımın görüntüsü yayılıbsa, demək buna səbəb var. Yardım etmək vicdan məsələsidir”.
Sosial mediada izləyicilərin “Müğənnilər karantindən istifadə edib, yardımları ilə özlərinə xal qazanırlar” şərhinə isə Səmədovanın cavabı belə olub:
“Təbii ki, kənardan hər şey gözəl başa düşülür. Kim bunu xal qazanmaq üçün, kim isə həqiqətən ürəkdən, səmimi qəlbdən edir. Normal düşüncəsi olan insan ətrafında baş verənləri tərəziyə qoyub, düzgün qərar verməyi bacarır. Bu yardımlarda zərrə qədər xal qazanma həvəsi hiss etmədim. Əksinə, köməyin davamı gəldi. Bacardıqları qədər yardımlarını davam etdirirlər. Yaxşıya yaxşı tərəfdən baxmaq lazımdır”.

Müsahibələrinin birində müğənni Nura Surinin söylədiyi “Karantindən sonra toy qiymətlərimdə endirim edəcəyəm” fikrinə T.Səmədova müzakirələrə səbəb olacaq şərh verib:
“Nuranın fikrinə hörmətlə yanaşıram. Bu, onun subyektiv fikridir. Nura qiyməti endirirsə, bu, onun şəxsi işidir. Amma vallah, elə müğənni tanıyıram ki, fəxri adı olmasa da, toylarda qaz vurub, qazan doldurur. İyul ayında toy olacaq, ora həmin müğənnini çağırmaq istəyirlər. Zəng vurub, qiymətini öyrəndim. Söylədi ki, karantindən sonra toy qiymətini qaldırıb. İnanın, eşidəndə çox təəccübləndim. Axı, indi o zaman deyil”.
“Karantin insanları qəflət yuxusundan oyatdı. Ailələri bir-birinə yaxınlaşdırdı” deyən T.Səmədova müsahibəsinin sonunda yeni mövsümə qədər heç bir iş görməyəcəyini, zamanını yalnız ailəsinə həsr edəcəyini söyləyib:

“Karantində özümü yenidən kəşf etdim. Başa düşdüm ki, mənim üçün hər şeydən önəmli olan ailəmdir. Keçən il adaptasiya dövrünü keçirdim. Karantindən öncə “YouTube” üçün bir verilişin anonsunu çəkdim. Amma düşünürəm ki, bu layihəni gələn mövsüm təqdim edəcəyəm. Veriliş Rusiya televiziyasında yayımlanan “Veçerniy Urqant” layihəsinin oxşarıdır. Amma ona qədər heç bir iş görməyəcəyəm. Sentyabra kimi zamanımı ailəmə həsr edəcəyəm”.