İtaliyanın Lombardiya regionunun prezidenti Attilio Fontana koronavirusla bağlı iki həftə karantində qalacaq. Səbəb onun köməkçisinin ölümcül virus "COVID-19"a yoluxmasıdır.
"RİA Novosti"nin məlumatına görə, bu barədə A.Fontana açıqlama verib.
A.Fontana bildirib ki, köməkçisi ilə daim bir yerdə çalışır.
"Təəssüf ki, onun analizlərinin cavabı pozitiv çıxdı. Buna görə də eyni komandada olan mən, asessorlar və köməkçilər testdən keçdik. Nəticələr bəlli olub. Yaxşı xəbər budur ki, mən və komandanın digər üzvləri hələ heç bir infeksiyaya yoluxmamışıq", - deyə o bildirib.
Qeyd edək ki, İtaliyada indiyə qədər 12 nəfər koronavirusdan ölüb. Epidemiya başlayandan indiyə kimi ölkənin 20 regionunun doqquzunda 400 yoluxma halı müəyyən edilib.